Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
FƏDAKAR POÇT İŞÇİSİ

0

  •       9 oktyabr dünyada poçt işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Poçt sahəsində 44 ildir ki, səmərəli fəaliyyət göstərən rayonumuzun sakini Ağamir Hümbətov əsl ziyalı, dəyərli insan, fədakar poçt işçisi kimi xoş sözlərə layiqdir.            Hümbətov Ağamir Gülmalı oğlu 1956-cı il mart ayının 23-də Xocalı rayonunun Kosalar kəndində anadan olub. O, əmək fəaliyyətinə 1974-1975-ci illərdə Xankəndində fəaliyyət göstərən Qarabağ İpək fabrikinin avtomatika sexində fəhlə kimi başlamışdır. 1976-1978-ci illərdə Rusiyanın Çelyabinsk vilayətində yerləşən Zlatoust şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə qayıdaraq keçmiş Əsgəran rayonunun nəzdində olan Kosalar kənd poçt şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bir müddət yerli ərazi icraiyyə komitəsində və Şuşa Rayon Rabitəsində də çalışıb.       
    1982-1984-cü illərdə Bakı şəhər Rabitə texnikumunun poçt rabitəsi ixtisasını bitirib. 1992-1997-ci illərdə Neft-Kimya Akademiyasında Avtomatika ixtisası üzrə qiyabi olaraq ali təhsil alıb.          Öz peşəsini sevən və işinin peşəkarı olan Ağamir müəllimə bir neçə dəfə nazirlik səviyyəsində məsul vəzifə təklif edilsə də, o, kənd camaatından ayrı düşməmək üçün bu təkliflərdən imtina edib. Köçkünlüklə əlaqədar olaraq Gəncə şəhəri Hacıkənd qəsəbəsində müvəqqəti məskunlaşan Ağamir Hümbətov Gəncə şəhər Kəpəz rayon 14 nömrəli poçt şöbəsinin rəisi vəzifəsində işləyib. Hal-hazırda Göygöl Poçt filialının nəzdində fəaliyyət göstərən Kosalar kənd poçt şöbəsinin müdiri vəzifəsində çalışır.       Qarabağ münaqişəsinin ən çətin vaxtlarında Ağamir Hümbətov vəzifə borcunu layiqincə yerinə yetirib. Erməni təxribatlarından qorxmayaraq Əsgəranda yerləşən mərkəzi poçtla əlaqəni kəsməyib. Ağamir müəllim Qarabağda işlədiyi müddətdə erməni seperatçılarının bir çox xəbis əməlləri ilə rastlaşıb. O, başına gələn hadisələrdən birini belə xatırlayır:       
    -  1991-ci ilin may ayının axırlarında Əsgəran Poçt Qovşağının rəis müavini Benik Balasanyan mənə zəng edərək aylıq hesabat verməyim üçün Əsgərana gəlməyimi istədi. Mənim təhlükəsizliyim üçün rus komendatının göndəriləciyini dedi. İdarəyə daxil olanda işçilərdən heç birini görmədim. Ancaq 6-7 erməni saqqallısı mənim üstümə hücum etdi. Onlara işim üçün hesabat verməyə gəldiyimi deyəndə, mənə rusca “dam tebe” dedilər. Qollarımı bağlayaraq idarədən çıxardıb aparmaq istəyəndə rus komendatı məni gördü. Rütbəsi mayor olan komendat əsgərlərini çağırıb məni zorla aparan ermənilərin əlindən almalarını əmr etdi. Əsgərlər avtomatlarını atəş vəziyyətinə gətirdikdən sonra məni xilas etmək mümkün oldu. Hərçənd o vaxtlar rus komendatları ermənilərin tərəfini saxlayırdılar. Sonradan başa düşdüm ki, bu, bir oyun imiş. Məni girov götürmək üçün Benikin qurduğu oyun.         
    Ağamir Hümbətov Kosalar kənd özünümüdafiə batalyonunun üzvü olub. “Fanar”, “İstisu” postlarında doğma kəndin keşiyini çəkib. Mərkəzi məntəqənin “İstisu” postu ilə əlaqəsini təmin etmək üçün meşə ilə telefon xəttinin çəkilməsində böyük zəhməti olub. Ümumiyyətlə, Kosalar kəndinin telefonlaşdırılmasında yaxından iştirak edib. Hadisələrin təhlükəli vaxtlarında "Direyt" adlanan yerdən meşə ilə Kərkicahanın üstündən keçməklə Şuşaya yol çəkmək istəməklərinə etirazını bildirib. Ovaxtkı hakimiyyətin nə etdiyini bilmədiyini görən ziyalımız bu qərarın yanlış olduğuna haqlı olaraq əsas gətirir. Əgər həmin yerdən yol çəkilsəydi, ermənilərin yolda terror hadisələri törədəcəyi, yollara minalar düzəcəyi məlum idi. Həm də erməni quldurlarının gələcəkdə kəndə hücumları üçün əlverişli şərait yarana bilərdi.         Ağamir Hümbətovun əməyi Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən də yüksək dəyərləndirilərək 2021-ci ildə “Rabitə ustası” fəxri adına layiq görülmüşdür.       
    II qrup Qarabağ qazisi olan Ağamir Hümbətov da torpaqlarımızın azadlığını gördüyü üçün özünü xoşbəxt sayan insanlardandır. Ulu öndərimizin layiqli davamçısı Cənab Prezident İlham Əliyevə minnətdarlığını bildirən Ağamir müəllim deyir ki, dövlət başçımızın daxili və xarici siyasətinin gücü ilə itirdiyimiz torpaqları geri qaytardıq. Prezident İlham Əliyevin həm hərbi, həm də siyasi arenada qazandığı Qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Qəhrəman oğullarımızın hünəri, şəhidlərimizin canı-qanı bahasına Qarabağı düşmən tapdağından azad etdik.        Ağamir müəllim xoşbəxt olduğu qədər də, qürurlu, məğrurdur. O, qeyd edir ki, əgər torpaqlarımızı düşməndən döyüş yolu ilə almasaydıq, onda bugünkü kimi mənən rahatlıq tapa bilməzdik. Bu gün hər birimizin başı ucadır, məğlubiyyət damğası üzərimizdən götürülüb, şəhidlərimizin qisasını almışıq. Bütün dünyaya sübut etdik ki, biz sarsılmaz, məğrur və döyüşkən xalqıq.        Cəmiyyət arasında böyük hörmətə malik olan Ağamir kişi, həm də gözəl ailə başçısıdır. O, övladlarının ali təhsil almalarına dəstək olub, gözəl tərbiyə verib. İki oğul və bir qız övladını mənəvi dəyərlərimizə sədaqət, vətənpərvərlik tərbiyəsində böyüdüb.        
    Ağamir Hümbətovun ən müqəddəs arzusu bu yaxınlarda doğma Kosalara qayıdıb ömrünün sonuna qədər orada yaşamaqdır. Onun ülvi arzularının içində dədə-baba qəbirlərini ziyarət etmək arzusu da var.        Ağamir müəllimə arzularının tezliklə gerçəkləşməsini Allahdan diləyir və onu 9 oktyabr - poçt işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik edirik.
    Qalib BƏYMƏMMƏDOĞLU 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib41 dəfə
    fƏdakar poÇt İŞÇİsİ

    Maraqlı gələ bilər
    26
    33